PUA, yoxsa Dron?| Pilotsuz Uçuş Aparatlarının təsnifatı – ARAŞDIRMA
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının təsdiq etdiyi tərifə görə, Pilotsuz uçuş aparatlar (Dronlar) – uçuşunu bortunda komandir olmadan həyata keçirən, uzaq məsafədən, yerdən, havadan, digər gəmi bortundan, kosmosdan tam idarə edilən və yaxud da tam avtonom şəkildə proqramlaşdırılan hava vasitəsidir.
Dron – hər hansı bir insansız vasitədir. Yəni, bortunda ekipajı olmayan aparatdır. Dronun uça bilməsi vacib deyil. Məsələn, ekipajsız bir tanka da dron deyilə bilər. PUA – əgər uçursa dron adlandırıla bilər. Multikopter – üç, dörd, altı və ya səkkiz nöqtədə pərvanələri olan bir helikopterdir. Bunları eyni vaxtda dron, PUA və radioidarə olunan model adlandırmaq olar.
PUA və Dron
Müasir dünyada Dron və PUA ifadələri artıq bir sinonimə çevrilib. Dron ifadəsi hər hansı bir PUA-ya aid edilə (əksinə olmaz) bilər, lakin radioidarə olunan vasitələrə tətbiq edilə bilməz. Radio idarəetməli modellərin tarixi PUA və dronların mövcud olmadığı zamanlardan başlayıb. Üstəlik onlar radioidarə olunan təyyarə və helikopterlərdən radikal şəkildə fərqlənirlər. Dron sadəcə xəbər bülletenlərində həm PUA-ları, həm də multikopterləri ifadə etmək üçün istifadə edilən gözəl bir termindir.
Yuxarıda göstərilən məlumatları daha aydın çatdırmaq üçün bir neçə nümunə çəkək. Dron adlandırılan hərbi nəqliyyat vasitələri mövcuddur ki, onlardan atəş təlim məqsədləri üçün istifadə olunur. Məsələn, müstəqil havaya qalxan dron, hava hədəflərini məhv edilməsini məşq edən bir ekipajın onu məhv edənə qədər uçuşunu həyata keçirir. Bu dron əvəzinə pilotsuz və ya sualtı pilotsuz qayıqdan da istifadə etmək olar. “Google X” qrupunun inkişaf etdirdiyi insansız avtomobili də dron adlandırımaq olar. Dron termini “minaaxtaran” və ya “kəşfiyyatçı” robotlar üçün də tətbiq oluna bilər. Robot-istehkamçı “Uran-6” və yanğınsöndürən robot- “Uran-14” də drondur, lakin PUA deyil. Lakin bu tip avadanlıqların istehsalçıları “robot texniki kompleksi” termininə üstünlük verirlər.
PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda, bəzi PUA modelləri silahla təmin olunur. Nəticə belə alınır: dron və PUA ifadələri eyni qurğuları təsvir etmək üçün istifadə olunur, lakin onların daim sinonimlər kimi istifadə edilməsi doğru deyil.
Dron və multikoptelər
Multikopterlər müxtəlif sayda: trikopter 3, kvadrokopter 4, qeksakopter 6 və otokopter 8 rotorlu pərvanəyə sahib bir helikopterdir. Bu gün, bu cür cihazlar kiçik ölçü və çəkilərinə görə çox məşhurdur. Helikopterlərdən fərqli olaraq, multikopterlərin idarə edilməsi qabiliyyətinin öyrədilməsinə də daha az vaxt tələb olunur. Bu məlumat həm pilotlu, həm də pilotsuz nəqliyyat vasitələrinə bərabər tətbiq edilir. Yuxarıda yazılanlardan belə bir nəticəyə gəlmək olar:
1. İstənilən pilotsuz vasitə – drondur;
2. PUA – hər hansı bir insansız (mütləq uçuş) aparatdır;
3. Bütün PUA-lar drondur, lakin uçmayan dronlar PUA deyildir;
4. Pilotsuz multikopterlər həm dron, həm də PUA, həm də radioitexniki vasitələrdir.
PUA-ların təsnifatı
PUA-ları təsnif etmək bir az çətindir, çünki onlar çox fərqli xüsusiyyətlərə sahibdirlər. Bu fərqlilik PUA-nın konfiqurasiyalarının və komponentlərinin bolluğundan irəli gəlir. PUA-lar təyinatına, ölçulərinə, funksiyasına, uçuş məsafəsinə, avtonom səviyyəsinə dizayn və konfiqurasiyasına, uçuş növünə, məqsədinə, taktiki texniki xüsusiyyətlərinə, enerji qida blokunun tipinə, daşıdığı faydalı yükün tərkibinə, avtomatlaşdırma sisteminə, toqquşmalardan qaçmaq sisteminə, GPS naviqasiyasının növünə, siqnalların basdırılmasında mühafizə sisteminə, radio-tezlik spektrinin buraxılış genişliyinə, məlumatların hazılanmasına, ixtisaslı proqram təminatına və digər xüsusiyyətlərinə görə bir birindən fərqlənir. İstehsalçılar hələlik heç bir standartlarla məhdudlaşmırlar. Nəticədə, bu gün hansı aparat nə ilə təchiz edilməlidir deyə aviasiya nəzarətçiləri tərəfindən bir tələb də irəli sürülmür.
Bütün PUA-lar 4 qrupa bölünür:
Mikro (yüngül) – bu PUA-lar 10 kq-dan az çəkiyə malikdir, havada maksimum qala biləcəyi vaxt 60 dəqiqədir. Uçuşun hündürlüyü 1 kilometrdir.
Mini (kiçik) – bu cihazların çəkisi 50 kq-a çatır, havada olduğu vaxt 5 saat təşkil edir. Uçuşun hündürlüyü 3 ilə 5 kilometr arasında dəyişir.
Midi (orta) – 1 tona qədər ağırlığında olan PUA-lar 15 saat uçuş üçün nəzərdə tutulub. Belə PUA-lar 10 kilometr yüksəklikdə fəaliyyət göstərir.
Ağır PUA-lar – bu tip PUA-lar bir tondan daha çox çəkiyə malikdir və bir gündən çox davam edən uzunmüddətli uçuşlar üçün nəzərdə tutulur. Uçuşlar 20 kilometr yüksəklikdə həyata keçirilə bilər.
PUA-ların dizaynında GPS peyk naviqatoru və programlana bilən modul mövcuddur. Əgər aparat məlumatın alınması, saxlanılması və operator pultuna ötürülməsi üçün nəzərdə tutulursa, o zaman modul əlavə olaraq yaddaş kartı ilə təchiz olunur.
PUA bazarının inkişafında aşağıdakı əsas tendensiyalar qeyd edilir:
1. Dronlar, hərbçilərin yüksək keyfiyyətli havadan foto və çəkilişlərinə ehtiyacı səbəbindən fəal surətdə əvvəllər peyk və pilotlu təyyarələr tərəfindən xidmət göstərilən seqmentlərə daxil edilir;
2. Professional və istehlakçı dronları arasında sərhədlər daralmağa başlayıb;
3. Bütün növ aparatlar üçün orta qiymətlər azalmaqda davam edəcək;
4. Yeni sürətlə inkişaf edən seqment formalaşacaq – süni intellekt və ixtisaslaşdırılan sensorlar sahəsindəki ixtiralar geo-informasiya xidmətləri üçün PUA sənayesinin inkişafına dəstək verəcək.
Xəritəçəkmə
İstənilən hərbi planlaşdırma və ya digər bir prosedur dəqiq aerokosmik xəritələr və məlumatlar olmadan mümkün deyil. Xəritəçəkmə kimi vacib bir funksiyanın yerinə yetirlməsi PUA-ların istifadə spektrini bir az da genişləndirdi.
Hərbi obyektlərin, relyefin, təbii maneələrin, boru kəmərlərinin, yüksək gərginlikli elektrik ötürücü xətlərinin, avtomobil və maqistral yollarının diaqnostik tədqiqi hərbçilərə daha dəqiq əmliyyat planlaşdırılmasına imkan verir.
Digər tərəfdən xəritəçəkmə tədbirləri mülki orqanlar tərəfindən də həyata keçirilir.
PUA-ların istifadəsi və saxlanması, pilotlu hava vasitələrinin analoji xərclərindən daha ucuzdur. Nəhayət, təyyarələrin, helikopterlərin və onların pilotlarının təhlükəsizliyi qorunmalıdır. Təyyarələr və helikopterlərin idarə və xidmət edən mütəxəssisləri təlimlərdən, yenidən hazırlıqdan və tibbi komissiyalardan keçməlidirlər. Dronların müddət və maliyyə xərclərinin göstəriciləri olduqca aşağıdır.
Xəritəçəkmədə istifadəsinə gəlincə isə, elə insan ayağı dəyməyən ərazilər var ki, ora təyyarə və ya digər nəqliyyatla getmək (məsələn Seliqer gölundə Xaçın adası) mümkün deyil.
Hərbi yüklərin daşınmasında da dronların üstünlüyü mövcuddur. Pilotsuz hava vasitəsi 30 dəqiqə uzaq bir məsafəyə çatdırdığı yükü, helikopter azı 2 saatda icra edə bilir.
Pilotlu təyyarələr üçün böyük uzunluğa və bəlli infrastruktura sahib enmə zolaqlarına ehtiyac olduğu halda ən böyük PUA-lar 500-600 metrlik zolaqlara enə bilir. Kiçik dronlar isə istənilən qapının önündə və ya pilləkəndə enə bilir. PUA-lar kompakt ölçüləri sayəsində dəfələrlə az yanacaq istehlak edirlər ki, bu da iqtisadi cəhətdən əsas üstünlüklərdən biridir.
Aparatların konstruksiyası və funksionallığı onun təyinatından asılıdır. Bəzi dronlar şifahi insan komandalarını yerinə yetirə bilir. Belə aparatların daxilində xüsusi qəbuledici modullar yerləşdirilir.
2017-cı ildə dərc olunan “Euroconsult” şirkətinin ekspertlərinin məlumatında məsafədən idarə olunan PUA istehsal bazarının həcminin 2025-ci ilə 26 milyard dollara qədər artacağını ehtimal edirlər. Hazırda dünyada 3 milyondan çox dron istifadə olunur ki, bunun da təxminən 90 faizi hərbi məqsədlərlə istifadə olunur. Dünyada ən sürətlə inkişaf edən sahələrdən biri olan PUA bazarında ölkəmiz də təmsil olunur.
Hərbi sahədən başqa dronların köməyindən yararlanaraq inkişaf edən prioritet sahələr aşağıdakılardır:
– Kənd təsərrüfatı;
– Təcili yardım xidmətləri (xilasetmə, polis, ambulans);
– Mədən sənayesi;
– Tikinti və quruculuq;
– Geodeziya və kartoqrafiya;
– Sığorta;
– Nəqliyyat, daşınma və çatdırılma;
– Dövlət və bələdiyyə xidmətləri;
– KİV və media;
– Təbiəti mühafizə təşkilatları;
– Elm və təhsil;
– Rabitə və əlaqə;
– Şəkil və video çəkilişi;
– İdman və əyləncə.
PUA bazarının inkişafı üçün əsas perspektiv istiqamətlər:
– Arxeologiya sahəsi;
-Atom elektrik stansiyalarının monitorinqi;
– Kartoqrafiya sahəsi;
– Elektrik təchizatı sahəsi;
– Böyük şəhərlərdə ictimai asayişin polis tərəfindən qorunması;
– Yangın və digər xilasetmə əməliyyatlarında istifadə;
– Səhiyyə xidmətində tətbiq;
– Yüksək dəqiqlikli geodata;
– Satınalmalar- ərzaq, ehtiyat hissələri, batareyalar, kabellərin təcili çatdırılması və kuryer xidməti;
– Aqro-biznes və həssas kənd təsərrüfatı ehtiyacları üçün hava foto çəkilişləri;
– Boru kəmərlərinin və elektrik xətlərinin monitorinqi;
– Şəbəkə əhatəsini yaxşılaşdırmaq üçün istifadə;
– PUA-ların aviaşirkət bazarlarına çıxması;
– KİV-lərdə istifadə;
– Proqram təminatının inkişafında kommersiya fəaliyyətinin gücləndirilməsi;
– Yüksək keyfiyyətli kameralar və stabil sistemlərə malik dronların satışını artırmaq;
– Telekomunikasiya xidmətləri və s.
Eyni zamanda, yeni sahələrdən biri kimi PUA sənayesi də ölkəmizdə bu bazarın inkişafı üçün bəzi problem və maneələrlə qarşılaşır:
1. Alternativ istehsal sahələrinin yaradılması vacibdir;
2. Hərbi sahədən başqa digər sahələrdə PUA-ların tətbiqində gerilik mövcuddur.
Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur