Nikola Tesla-dahilər dahisi
Teslanın adı çəkiləndə elektrotexnika və radiotexnika sahəsində ixtiraları, beynəlxalq maqnit induksiyası vahidi xatırlanır, fırlanan maqnit sahəsi hadisəsinin təsvirini verən, çoxfazalı elektrik maşınlarını və çoxfazalı cərəyanların paylanma sxemlərini işləyib hazırlayan insan, yüksək tezlikli texnika və radiotele avtomatika sahəsinin pioneri xatirimizdə canlanır. 20-ci əsr energetikasının onun kəşfləri sahəsində meydana gəldiyini öyrənirik. Onun kosmik proseslərin elmi təhlilini vermək qabiliyyətindən qürur duyuruq. Nikola Tesla dəyişən cərəyan, enerjinin məftilsiz ötürülməsi problemlərini həll etmiş, ilk elektrik saatlarını, turbinanı, günəş enerjisi ilə işləyən mühərriki ərsəyə gətirmişdir. Tesla bir neçə onilliklər bütün kainat enerjisinin problemi üzərində işləmişdir. O, Günəşi və digər səma cisimlərini hansı enerjinin hərəkətə gətirməsini də öyrənməklə məşğul olmuşdur. Kosmik enerjini idarə etməyi də öyrənməyə, kainatın müxtəlif cisimləri arasında rabitə yaratmağa çalışmışdır. Biləndə ki, onun kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulmuşdur, əslində bütün dövrlərin çox böyük alimi kimi şöhrət tapmış bu alimin barəsində yol verilmiş ədalətsizlikdən əndişələnirsən.
Nikola Tesla kim idi?
Bütün əsrlərin böyük alimi kimi tanınan Nikola Tesla 9 iyul 1856-cı ildə Xorvatiyanın kiçik dağ kəndində doğulmuşdur. Atası Milutin Tesla Pravoslav serb keşişi, anası Georgina əsil-nəcabətli Midiç ailəsinin qızı idi. Milutin Tesla hörmətli və savadlı adam kimi tanınırdı. Onun evində çox sayda kitab, o cümlədən təbiyyat elmlərinə dair irihəcmli qalın kitablar var idi. Nikola 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da gəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Onları qovmaq təşəbbüsləri heç bir nəticə vermirdi.
Nikolada kitab oxumaq aludəçiliyi vardı. Atası onun bu məşğuliyyətinin qarşısını almağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Nikola isə öz inadından əl çəkmirdi. Gecələr hamı yatandan sonra atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəltmişdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı. O, təsəvvüründə canlandırdığı hər hansı bir cismin, məsələn, toxuculuq dəzgahının, yaxud dəyirmanın necə işləməsini diqqətlə izləyir, bu və ya digər çarxlərın necə fırlanacağını götür-qoy edirdi. Ona elə gəlirdi ki, həmin mexanizmi özü düzəldib. Teslanın çox güclü yaddaşı vardı. Oxuduğu yüzlərlə kitabın hər bir sətrini, hər bir şəklini və çertyojunu yaddaşında saxlaya bilirdi.
Bir dəfə Tesla hava qaralan zaman evlərinin artırmasında oturub sıx tüklü qara pişiyini tumarlayırdı. Onun diqqətini pişiyin tükü ilə özünün barmaqları arasında əmələ gələn xırda qığılcımların ətrafa işıq saçması çəkdi. Uşaq bu hadisədən təəccüblənərək atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası: «Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir» — dedi. On yaşlı Nikolanı atasının bu cavabı heyrətə saldı. Beləliklə də, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı. Fikirləşdi ki, görəsən, elektrik qüvvəsini cəmiyyətin xeyrinə ram etmək olarmı?
Həmin vaxtlarda elektrik cərəyanı haqqında məlumat vardı. İngilis fiziki Maykl Faradey kondensatorlarla təcrübələr aparırdı, italyan fiziki Alessandro Volta çoxdan idi ki, özünün məşhur akkumulyator batareyasını yaratmışdı. Həmin vaxtlarda adamlar elektrikin fiziki qanunlarından baş çıxarmasalar da, ondan şəxsi ehtiyacları üçün istifadə edirdilər. Teleqraf və sabit cərəyanla işləyən ilk elektrik mühərriki icad edilmişdi. Yeniyetmə Tesla bütün bunlar haqqında sonralar təhsil alacağı ali texniki məktəbdə məlumatlanacaq idi. Amma keşiş ata oğlunun mühəndis olmasını istəmirdi, arzulayırdı ki, oğlu da özü kimi keşiş olsun. Keşişi razı salmaq təşəbbüsləri heç bir nəticə vermirdi. Gözlənilmədən Nikola ağır xəstələndi. Hansısa naməlum xəstəliyə düçar olmuşdu. Həkimlər güman edirdilər ki, gənc Teslanı vəba tutub və sağalacağına güman yoxdur. Bir dəfə özünə gələn Nikola çarpayısı başında əyləşmiş atasından onun mühəndis olmasına icazə verməsini istədi. Və dedi ki, atası onun bu arzusunu yerinə yetirsə, özü öz xəstəliyini müalicə etmək iqtidarındadır. Ümidi hər tərəfdən üzülmüş ata keşişin razılıq verməkdən savayı ayrı çarəsi qalmadı. Bundan sonra möcüzə baş verdi. Nikola bir neçə gün ərzində sağaldı. Həyatının sonrakı dövrlərini yaşayan (o, 86 il ömür sürmüşdü) Tesla mikrob yoluxmasından çox qorxduğundan əllərini tez-tez yuyur və əlcək taxırdı. Otellərdə yaşadığı dövrlərdə gündə iyirmiyədək dəsmal tələb edirdi. Nahar vaxtı yemək masasına milçək qonanda yenidən sifariş verirdi
Tesla təhsilini başa vurana yaxın texniki məktəb yoldaşlarından həm kişi gözəlliyi, həm də fiziki qüvvəsi ilə seçilirdi. Boyu iki metrə yaxın idi, atlet görkəmi vardı. Bütün idman yarışlarında qalib gəlirdi, eyni zamanda bütün dərslərdən əla qiymətlər alırdı. Riyaziyyat müəllimi məsələnin şərtlərini diktə edən zaman Tesla onun düzgün cavabını verirdi. Onda intuitiv riyaziyyat və fizika bilikləri vardı. Sanmaq olardı ki, bu oğlan dünyaya həmin sahədəki bilikləri ilə gəlib, istənilən məsələni ancaq yada salmaqla həll edir.
Tesla on yaşında olarkən qara pişiyi tumarlayarkən hiss etdiyi elektrik qüvvəsinə daha yaxından bələd olur, onun qanunlarını daha dərindən öyrənirdi. Təsəvvüründə bir-birinin ardınca ilk ixtiralar canlanırdı. Onlardan ən önəmlisi dəyişən cərəyan generatoru idi. Əgər bu generator olmasaydı, müasir energetika meydana gəlməzdi. Teslanın generatoru olmasaydı, bizim müasir sivilizasiya yüz il geri düşərdi. Amma həmin dövrün ən görkəmli fizikləri gənc tələbənin dəyişən cərayanla işləyə biləcək motorlar barədə fikirlərini sərsəmləmə kimi qiymətləndirirdilər. Onlar sabit cərəyanla işləməkdə olan motorlara üstünlük verirdilər. Tesla adi elektrik mühərriklərinə nisbətən çox sadə və çox effektiv motor da icad edəcəyini bildirmişdi. Gəncin bu cəsarətinə də məhəl qoyulmamışdı. Heç kim 20 yaşlı mühəndisin öz ideyalarını həyata keçirməsi üçün vəsait ayırmaq istəməmişdi. Məsləhətləşdiyi professorlardan biri onun bu ideyasını ağlabatmayan bir iş adlandırmışdı. Bütün bunlar Teslanın elektrik induksiya generatoru ideyasını gerçəkləşdirməyə ruhlandırmışdı.
O, Parisdə məşhur Amerika ixtiraçısı Tomas Edisonun kontinental bürosunda çalışdığı zaman (1882-ci ildə) dəyişən cərəyan generatorunun işləyən modelini ərsəyə gətirmişdi. Lakin kompaniya rəhbərliyi bunun müqabilində pul mükafatı verilməsi vədlərinə xilaf çıxmışdılar. Lakin bu, Teslanı mənən sındıra bilməmişdi. O, rus elektrotexnikləri A.N. Lodıginin, P.N.Yabloçkovun yeni eksperimentləri barədə yazılar verilən xarici texniki jurnalları həvəslə oxuyurdu. Və Sankt-Peterburqa getmək qərarına gəlmişdi. Teslanın bu məramından xəbər tutan Kontinental kompaniyanın inzibatçılarından Çarl Beçlor adlı birisi ona köməyə tələsmişdi. Teslanın istedadlı mühəndis olduğunu bilən bu xeyirxah şəxs Edisonun yaxın dostu idi. Beçlor gənci yanına çağırıb demişdi: «Razılaşın ki, sizin Peterburqa getmək niyyətiniz ağılsızlıqdır. Məgər siz öz laboratoriyasında az qala məhv olacaq yazıq Yabloçkovun aqibətindən xəbəriniz yoxdur? Bütün dünyada məşhur olan bu ixtiraçı alim öz kəşfini təkmilləşdirmək üçün Parisə getmək məcburiyyətində qalmışdı. Siz isə Parisdən Peterburqa getmək fikrinə düşmüsünüz. Mən isə sizə kömək etmək istəyirəm. Amerikaya gedin. Mənim Edisona yazdığım məktubu ona çatdırarsan». Məktubda yazılmışdı: «Belə bir talantın Rusiyaya getməsinə imkan vermək bağışlanılmaz səhv olardı. Mister Edison, bilsəniz ki, bu gənci öz fikrindən döndərmək üçün bir neçə saatlıq qiymətli vaxtımı sərf etmişəm, məndən razı qalarsınız. Mən iki böyük adam tanıyıram — onlardan biri siz, ikincisi isə bu cavan oğlandır».
Tesla olan-qalanını sataraq gəmiyə bilet alıb 1884-cü ildə həmin məktubla Amerikaya Tomas Edisonun yanına yola düşdü. Nyu-Yorka çatanadək sərgüzəştlərlə üzləşməli oldu. Əvvəl başdan onu soydular. Amerikaya baqajsız, ac və pulsuz-pənəsiz çatan Tesla körpüdən birbaşa Edisonun yanına yollandı. Məramı öz ixtirasını Edisonla müzakirə etmək idi. “İxtiraçıların kralı” adını qazanmış Tomas Alva Edison qonağı hörmətlə qarşılayaraq onu diqqətlə dinlədi. Edison Tesladan cəmi doqquz yaş böyük idi. Şöhrət zirvəsinə qalxmış bu ixtiraçı kömür mikrofonu, elektrik lampası, fonoqrafı, dinamomaşını sayəsində milyonçu olmuşdu. Lakin məşhur amerikalının bütün bu kəşfləri sabit cərəyana söykənirdi. Edison təəccüb qalmışdı ki, gözlərindən od tökülən naməlum serb onunla necə də dəyişən cərəyan haqqında mülahizə yürüdür. Amma Tesladan həm də ehtiyat edirdi ki, birdən o, təhlükəli rəqibə də çevrilə bilər. Bununla belə, Teslaya öz kompaniyasında işləməyi təklif etdi. Tesla onun yanında işləməyə dərhal razılıq verdi.
O, Edison üçün işləyə-işləyə özünün dəyişən cərəyan sistemini təkmilləşdirməyi də unutmadı və 1887-ci ildə ona patent aldı. Beləliklə də, iki böyük ixtiraçı arasında «soyuq müharibə» başladı. Edison ürəyində Teslanı söyür, özünü «nanəcib serbi» işə götürdüyünə görə bərk danlayırdı. Hirsindən Teslanın generatorlarının lazımsızlığını bəyan edirdi. Bir dəfə Tesla Edisona dedi ki, onun bəyənmədiyi dəyişən cərəyan generatorları sisteminin böyük ixtiraçının müəssisələrində tətbiqinə icazə versin. Edison gözlənilmədən bu təklifə razı oldu və şərt qoydu ki, əgər Tesla onun zavodlarının birini öz üsulu ilə elektrikləşdirə bilsə, 50 min dollar mükafata layiq görüləcək. Amma özlüyündə belə qərara gəlmişdi ki, bu, baş tutan iş deyil.
Tesla iyirmi dörd tip qurğu hazırlayandan sonra işə başladı. İqtisadi effekt gözlənildiyindən artıq oldu. Edison lap məəttəl qalmışdı. Lakin sözünə naxələf çıxdı. 50 min dolları verməkdən imtina etdi. Tesla ilə zarafat etdiyini bildirdi və həm də onu yumor hissinin olmamasında günahlandırdı. Bundan sonra Tesla Edisonu tərk etdi. Onun nə iş yeri, nə də pulu yox idi. Amma özünün bacarığına inamı böyük idi. Elə oldu ki, tanış maliyyəçi Ceyms Karmenin köməyilə 1888-ci ilin aprelində özünün «Tesla Elektrik Layt Kompanii» firmasını açdı. Həmin ilin mayında Amerikanın Mühəndis-Elektrikləri İnstitutunda məruzə ilə çıxış etdi və öz ixtirasını iştirakçılara göstərdi. Teslanın bu çıxışı parovoz üçün hidravlik tormoz işləyib hazırlamış milyonçu Vestinhauzun çox xoşuna gəldi. Vestinhauz Teslaya onun patentlərinə görə milyon dollar, üstəlik də, müəllif qonorarı təklif etdi. Müqavilə bağlanandan sonra «Vestinhauz Elektrik» kompaniyası Niaqara şəlaləsində Teslanın ixtiraları əsasında su elektrik stansiyasının inşasını həyata keçirdi. Maliyyə müstəqilliyi əldə edən Tesla tədqiqatlarını genişləndirməyə başladı. O, 1888-ci ildə fırlanan maqnit sahəsini kəşf etdi və yüksək və ifrat yüksək tezlikli elektrik generatorları ərsəyə gətirdi. 1891-ci ildə rezonanslı transformator ixtira etdi. Bu transformator amplitudası bir neçə milyon volta çatan yüksək tezlikli gərginlik almağa imkan verirdi. Tesla elektrik enerjisinin o vaxtadək məlum olmayan ötürülməsi üsullarını işləyib hazırladı. Hamı bilir ki, əgər enerji dövrəsi qapanmasa, cərəyan yaranmaz. Tesla isə elektrik qüvvəsinin bir naqil ilə, yaxud ümumiyyətlə, naqilsiz ötürülməsi üsulunu nümayiş etdirirdi. O, Kral Akademiyasının alimləri qarşısında yüksək tezlikli elektromaqnit sahəsi haqqında məruzə oxuyarkən elektrik mühərrikini heç bir naqil olmadan məsafədən işə salır və dayandırırdı. Bu zaman əllərində tutduğu elektrik lampaları öz-özünə yanırdı. Həmin lampaların bəzisində heç spiral da yox idi. İçi boş kolbanın işıq saçması alimlərin böyük təəccübünə səbəb olmuşdu. Bu, 1892-ci ildə baş vermişdi. Məruzə qurtarandan sonra alimlər Teslanı böyük fizik Faradeyin kabinetinə çağırıb ” bu kresloda əyləşin” demişdilər. Bu kreslo böyük fizik Faradeyindir. O, öləndən sonra bu kresloda heç kim əyləşməmişdir”.
Çikaqoda 1893-cü ildə nümayiş etdirilən ümumdünya sərgisinin iştirakçıları Teslanın anlaşılmayan və qorxu yaradan tamaşalarına gözlərini bərəldərək baxırdılar. Tesla sakit dayanaraq bədənindən iki milyon yarım gərginlikdə elektrik cərəyanı buraxırdı. Əslində, bu eksperimentçi yanıb külə dönməli idi. Edison qəzetlərdə bildirirdi ki, yüksək tezlikli dəyişən cərəyan ona toxunan hər kəsi öldürə bilər. Amma Tesla bu fikrin yanlış olduğunu sübut etmək üçün özünü yüksək tezlikli dəyişən cərəyana müqavimət kimi qoşaraq eksperiment aparır, sakit dayanaraq əlində tutduğu Edison lampalarının parlaq işığına tamaşa edirdi. Tam qaranlıqda Teslaya baxanlar onun bədəninin sarı-mavi alova büründüyünü görürdülər. Tesla bilirdi ki, öldürən amil gərginlik deyil, cərəyan şiddətidir, yüksək tezlikli cərəyan isə bədənin səthi qatından keçdiyinə görə zərər törətmir. Bu fokus həmin dövrdə möcüzə təsiri bağışlayırdı. 1895-ci ildə Vestinhauz dünyada ən böyük Niaqara su elektrik stansiyasının işə salınmasına start verdi. Stansiyada Teslanın güclü generatorları işləyirdi. Həmin vaxtda ixtiraçı radio ilə idarə olunan teleavtomatlar hazırlamışdı. Tesla bir neçə kiçik qayığı məsafədən idarə edirdi. Adamlar bunu sehrbazlıq hesab edirdilər. Teslanın laboratoriyasında olanlar onun havada işıq saçan kürəvi ildırımlarla oyun çıxardığını görəndən sonra çox həyəcanlanmışdılar. Tesla 1898- ci ildə laboratoriyasının olduğu binanın çardağındakı metal balkaya balaca bir cihaz bərkitmişdi. Bir qədərdən sonra ətraf binaların divarları lərzəyə gəlmiş və adamlar vahimə içərisində küçəyə tökülüşmüşdülər. Jurnalistlərin və polislərin laboratoriyaya tərəf axışdığını görən Tesla öz vibratorunu dayandırmışdı. O, sonralar etiraf edirdi ki, Bruklin körpüsünü bir saat ərzində dağıda bilər.
Teslanın eksperimentləri üçün Koloradoda zirvəsində böyük mis sferası olan qüllə tikilmişdi. İxtiraçı alimin generasiya etdiyi potensiallar 40 metr uzunluqda ildırımlar şəklində boşalırdı. Bu zaman güclü gurultu eşidilir, qüllənin ətrafında nəhəng işıq kürəsi alov saçırdı. Küçədən keçənlər ayaqları ilə torpaq arasından qığılcım çıxdığını görən kimi qorxudan kənara sıçrayırdılar. Təcrübədən məqsəd qüllədən çox uzaq məsafədə 200 elektrik lampasını birdən yandırmaq idi. Elektrik yükü naqillə deyil, torpaq ilə ötürülürdü. Teslanın Kolorado-Sprinqs şəhərində apardığı havadan enerji alınması tamaşası həmin dövrün ən zəngin oliqarxlarından biri sayılan Con Pirpont Morqanın çox xoşuna gəldiyindən o, Teslanı ümumdünya naqilsiz enerjiötürmə mərkəzinin yaradılması üçün Nyu-Yorka çağırmışdı. Morqan həmin məqsədlə 150 min dollar (indiki alıcılıq qabiliyyətilə müqayisədə bir neçə on milyon dollar) vəsait və Lonq-Aylend adasında böyük torpaq sahəsi ayırmışdı. Bu layihə atmosferin üst təbəqəsi olan ionosferi rezonans hərəkətə gətirməsinə əsaslanırdı. Lonq-Aylend adasında böyük ərazili elm şəhərciyinin salınmasına başlandı. Layihənin başlıca qurğusu 57 metr hündürlüyündə karkaslı qüllə idi. Qüllənin zirvəsində çox böyük ölçülü mis «nimçə» — gücləndirici nəhəng ötürücü qoyulmuşdu. Qüllənin polad şaxtası 36 metr dərinlikdə torpağa basdırılmışdı. Tayı-bərabəri olmayan bu qurğu 1905-ci ildə yoxlamadan keçirilmək üçün bir axşam işə salındı. Nyu-Yorkun və Atlantik okeanın üzərindəki ucsuz-bucaqsız səma alışıb yanmağa başladı. Havada müxtəlif rəngli saysız-hesabsız ildırım çaxırdı. Səmaya baxan adamların bədənləri vahimə yaradan açıq-mavi rəngli şəfəq saçırdı. Elə bil küçələrdə ruhlar dolaşırdı. Bu layihə müasir universal informasiya sistemlərinin əsasını qoymuşdu.
Tesla güclü enerji selini naqilsiz olaraq ötürmək üçün Niaqara şəlaləsinin yanında ikinci qüllə qaldırmaq niyyətində idi. Lakin bu layihə külli miqdarda vəsait tələb edirdi. Tesla bu imkandan məhrum idi.
Varidatı demək olar ki, heçə getmişdi. 1900-cü ildə italyan radiotexniki və iş adamı Qulyelmo Markoninin okean vasitəsilə transatlantik siqnalını Kanadaya ötürə bilməsi Morqana daha perspektivli göründüyündən Teslaya vəsait təminatını dayandırmışdı. Morqan üçün naqilsiz enerji ötürülməsindən informasiya ötürülməsi daha perspektivli idi. Hərçənd ki, Tesla hələ 1893-cü ildə, Markonidən illərlə qabaq ilk dalğalı radioötürücüsünü inşa etmişdi. Tesla Morqana etiraf etmişdi ki, onu rabitə sistemindən daha çox, planetin istənilən nöqtəsinə naqilsiz enerji ötürülməsi maraqlandırır. Morqanın Teslaya münasibətində yaranmış soyuqluğun digər bir səbəbi də vardı. Tesla Morqana özünün uzaq planetlər sivilizasiyaları ilə müntəzəm rabitə yaratması barədə danışmaqla bankiri qorxuya salmışdı. Teslanın bioqrafları Morqanın maliyyə dəstəyini dayandırması ilə heç cür razılaşa bilmirdilər. Tesla isə «Mənim ixtiralarım» avtobioqrafiyasında yazırdı: «Morqan mənim barəmdə bütün öhdəliklərini yerinə yetirmişdir. Mənim layihəmin təxirə salınmasının əsas səbəbi təbiyyat qanunlarıdır. Dünya mənim layihəmi anlamağa hazır deyildir. Mənim elmi layihəm yarandığı zamanı son dərəcə çox qabaqlamışdır». İngilis fiziki Ernest Rezerford Teslanı «coşğun elektrik peyqəmbəri» adlandırmışdı. Tesla elektrik barədə hər şeyi bilirdi! O, xəstələrin yüksək tezlikli cərəyanla müalicə olunması, elektrik sobalarının, lüminessent lampaların, elektron mikrokoplarının meydana gəlməsi mümkünlüyünü qabaqcadan söyləmişdi. Nyu-Yorkun küçə və meydanları Teslanın konstruksiyası olan qövs lampaları ilə işıqlandırılırdı, müəssisələrdə onun elektrik motorları, düzləndiriciləri, elektrik generatorları, transformatorları, yüksək tezlikli avadanlıqları işləyirdi.
O, 1917-ci ildə sualtı qayıqları radio ilə aşkara çıxarmaq üçün qurğunun iş prinsipini təklif etmişdi. 1908-ci ildə Tunqus fəlakətinin baş verməsi səbəbini də Teslanın Verdenkliff qülləsinin ionosfer vasitəsilə dünyanın digər hissəsinə külli miqdarda enerji göndərə biləcəyində görürlər. Axı fəlakəti törədə biləcək meteorit hələ də tapılmamışdır. Tesla həyatının son aylarında 10000 təyyarəni 400 km məsafədən məhv etməyə qadir “ölüm şüalarını” kəşf etdiyini bildirmişdi. O, süni idrak hazırlamağa çalışırdı, fikirlərin fotoşəklini almaq üzərində işləyirdi. Müharibədən qabaqkı illərdə ABŞ-ın hərbi-dəniz idarəsi üçün düşməni məhv etməkdən ötrü enerjinin naqilsiz ötürülməsi və rezonans silahı yaradılması üzrə məxfi layihələri reallaşdırmağa çalışırdı. O, zamanı idarə etmək təşəbbüsü də göstərirdi.
1931-ci ildə tamaşaçılara yeni fenomen nümayiş etdirən Tesla adi benzin avtomobilinin mühərrikini çıxartdırıb yerinə elektromotor qoydurdu. Sonra da kapotun altına kiçik bir qutu bərkitdi. Korobkanın kənara çıxan iki qısa məftili vardı. O, sürücünün yerində əyləşdikdən sonra pedalı basan kimi maşın hərəkətə gəldi. Tesla bir həftə bu maşınla saatda 150 km sürətlə gedirdi. Maşında heç bir batareya, yaxud akkumulyatorun olmaması onun alim kolleqalarını son dərəcə təəccübləndirmişdi. Alimlərin «Enerjini haradan alırsan?» sualını Tesla “Əhatəsində olduğumuz efirdən” deyə cavablandırmışdı. Əgər o dövrün adamları Teslanın işini cin-şeytan əməli adlandırıb onu pərt etməsəydilər, indiki dövrdə biz daimi mühərrikli avtomobillərdə gəzə bilərdik. Lakin Tesla kütlənin belə bir münasibətindən hirslənərək anlaşılmaz qutunu maşından çıxararaq öz laboratoriyasına aparmışdı. Həmin qutunun sirri indiyədək açılmamışdır. Tesla onun layihələrinin məziyyətlərini anlamayanların acığına patentlərinin bir hissəsini satıb zəngin və müstəqil Adam olmuşdu. Nyu-Yorkda öz laboratoriyasını yaradıb elmi tədqiqatlarına diqqətini artırmışdı.
Elektrotexnika ilə məşğul olmaqdan başqa professional səviyyədə linqvistika ilə məşğul olurdu, şeir yazırdı, musiqini və fəlsəfəni gözəl bilirdi, səkkiz dildə rəvan danışmağı bacarırdı. Teslanın gündəliklərinin və əlyazmalarının əksər hissəsi aydınlaşdırılmamış səbəblərdən yoxa çıxmışdır. Bəlkə də Pentaqonun seyflərində saxlanır və nə vaxtsa istifadəyə yararlı olacaqdır. Onun bioqraflarının gəldikləri qənaətə görə həmin sənədləri bəlkə də Teslanın özü İkinci Dünya müharibəsinin başlanğıcında yandırmışdır ki, günahsız əhalinin qırılması imkanları heçə endirilsin. Bütün həyatını ancaq elmi axtarışlara həsr etmiş Nikola Tesla 1943-cü ildə «Nyu-Yorker» otelinin qonaq otağında həyatı ilə vidalaşmışdır. Zəkası öz dövrünü qabaqlamış olan bütün dövrlərin böyük aliminin xatirəsi elmi bilik xiridarları üçün çox əzizdir.
Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV