Site icon ElectronX Lab

Elektron hesablama maşınlarının təsnifatı

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər. Birincinəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, eitibarlı işləmirdi və tez-tez sıradan çıxırdı.Bu nəsil EHM-lərə misal olaraq: “Ural”, “Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik. İkincinəsil EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Bu nəsil EHM-lər daha yüksək hesablama məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi), əməli yaddaşa malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi. Bu cür EHM-də alqoritmik dillərin təıtbiqi geniş vüsət aldı və məsələlərin maşında həlli qaydaları sadələşdi. Bu nəsil EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. misal göstərə bilərik.


Ötən əsrin 70-ci illərinin əvvəllərində inteqral sxemlərin tətbiqi ilə üçüncünəsil EHM-lərin (IBM – 370, ЕS EHМ, SМ EHМ və s.) yaradılması mərhələsi başlandı. İnteqral sxemlərin tətbiqi ilə EHM-lərin texniki və istismar xarakteristkalarında böyük sıçrayış oldu. Bu nəsil EHM-lərin hesablama məhsuldarlığı saniyədə on milyonlarla əməliyyata çatdırıldı. Əməli yaddaşın həcmi xeyli artırıldı, maşınların əməliyyat sistemində müxtəlif emal rejimlərindən (sual-cavab, vaxtın bölünməsi, paket emalı və s.) istifadə edilməsi EHM-in idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı.
70-ci illlərin sonlarından başlayaraq dördüncünəsil EHM-lərin (Elbrus, Apple Macintosh, IBM PC və s.) yaradılmasına başlandı. Bu cür EHM-lərdə böyük inteqral sxemlərdən (BİS) istifadə olunmağa başlandı. Bu da eyni zamanda maşınların məhsuldarlığının və etibarlılığının artmasına böyük təkan verdi. Maşınların ölçüsü və çəkisi hiss olunacaq dərəcədə azaldı. 

BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.
 1971-ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin yaranmasına imkan yaratdı. Fərdi kompüterlərin yaranması hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və kompüter şəbəkələrinin yaranmasına təkan verdi.Müasir hesablama maşınlarını əsasən üç böyük sinifə bölmək olar:

Superkompüterlər

Meynfreymlər

Mini – EHM-lər

Superkompüter -çox prosessorlu hesablama sistemidır. İlk superkompüter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompüterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.

Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterləri əsasən IBM firmasında istehsal olunur. Bu cür kompüterlərin qiyməti 1milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16-32 mikroprosessorlu server kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır.

Mini – EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan kompüterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı.Hal-hazıda mini-EHM dedikdə fərdi kompüterlər nəzərdə tutulur.Fərdi kompüterlərin kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.

KAZIMOV TOFİQ

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri

Exit mobile version